DOLAR
50,36 ₺
EURO
55,69 ₺
STERLİN
66,75 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Piyada təhlükəsizliyi yalnız sürücünün məsuliyyəti deyil: Bir anlıq ehtiyatsızlıq iki insanın taleyini dəyişir

Bakının Nizami rayonunda, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində baş verən və piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi şəhər…

|
Piyada təhlükəsizliyi yalnız sürücünün məsuliyyəti deyil: Bir anlıq ehtiyatsızlıq iki insanın taleyini dəyişir

Bakının Nizami rayonunda, Babək prospekti ilə Kamran Əfkari küçəsinin kəsişməsində baş verən və piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi şəhər yollarında təhlükəsizlik məsələsini yenidən gündəmə gətirib.

Hadisənin diqqət çəkən məqamı isə ondan ibarətdir ki, qəzanın baş verdiyi ərazinin yaxınlığında yeraltı piyada keçidi olmasına baxmayaraq, piyada avtomobillərin hərəkət etdiyi hissədən keçməyə cəhd edib. Nəticə isə faciəvi olub. Minik avtomobilinin vurduğu piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Bir insanın həyatı yarımçıq qalıb, digər tərəfdən isə sürücü ömrü boyu yaddaşından silinməyəcək ağır bir hadisənin iştirakçısına çevrilib. Bu cür hadisələrə münasibət bildirərkən məsələyə yalnız bir tərəfdən yanaşmaq doğru deyil. Əlbəttə, piyadalar yol hərəkəti qaydalarına əməl etməli, onlar üçün nəzərdə tutulmuş yeraltı və yerüstü keçidlərdən istifadə etməlidirlər. Lakin eyni zamanda sürücülərin də diqqətli olması, xüsusilə yaşayış məntəqələrində və piyada hərəkətinin intensiv olduğu ərazilərdə sürət həddinə ciddi riayət etməsi vacibdir.

Piyadaların maarifləndirilməsi gücləndirilməlidir

Təəssüf ki, bəzi piyadalar gündəlik həyatlarında yol hərəkəti qaydalarına kifayət qədər diqqət yetirmirlər. Yolun yaxınlığında piyada keçidi olduğu halda hərəkət hissəsindən keçmək, avtomobillərin yaxınlaşma məsafəsini düzgün qiymətləndirmədən yola çıxmaq, telefonla danışaraq və ya diqqəti yayındıran digər vasitələrdən istifadə edərək yolu keçmək təhlükəli davranışlardır. Bəzən insanlar bir neçə dəqiqə vaxt qazanmaq naminə həyatlarını riskə atırlar. Halbuki yolun digər tərəfinə təhlükəsiz çatmaq üçün nəzərdə tutulmuş keçiddən istifadə etmək hər bir piyadanın ən sadə və vacib məsuliyyətidir. Düşünürəm ki, bu istiqamətdə maarifləndirmə tədbirləri daha sistemli və davamlı xarakter daşımalıdır. Piyadalar arasında, xüsusilə məktəblilərin, gənclərin və yaşlı insanların iştirakı ilə təhlükəsizlik mövzusunda maarifləndirici görüşlər keçirilməlidir. Təhsil müəssisələrində yol hərəkəti qaydalarının praktiki nümunələrlə izahına daha çox yer ayrılmalıdır. Bununla yanaşı, sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində real hadisələr əsasında hazırlanmış maarifləndirici materialların yayılması da mühüm əhəmiyyət daşıyır. İnsanlar bilməlidirlər ki, piyada keçidindən istifadə etmək sadəcə qaydaya əməl etmək deyil, öz həyatlarını qorumaqdır.

Sürücünün də taleyi nəzərə alınmalıdır

Bu hadisənin digər mühüm tərəfi isə sürücünün yaşaya biləcəyi ağır mənəvi və psixoloji sarsıntıdır. İnsan ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi sürücünün həyatında da dərin iz buraxa bilər. Hadisənin hüquqi qiyməti araşdırma nəticəsində müəyyənləşdirilməlidir. Lakin belə bir hadisənin iştirakçısı olmaq, bir insanın həyatını itirməsi ilə nəticələnən qəza yaşamaq sürücü üçün də son dərəcə ağır mənəvi yükdür. Burada bir məqamı xüsusilə vurğulamaq lazımdır: yol hərəkəti təhlükəsizliyi qarşılıqlı məsuliyyət tələb edir. Piyada qaydalara əməl etməli, sürücü isə yolda qarşısına çıxa biləcək təhlükələri nəzərə alaraq avtomobili idarə etməlidir. Heç bir tərəf öz məsuliyyətini digərinin üzərinə atmaqla təhlükəsizliyi təmin edə bilməz. Sürücülər xüsusilə piyada keçidlərinə, dayanacaqlara, məktəblərin və insanların intensiv hərəkət etdiyi ərazilərə yaxınlaşarkən sürəti azaltmalı, diqqəti maksimum səviyyədə saxlamalıdırlar. Piyadanın qayda pozması sürücünü diqqətsiz davranmağa əsas vermir.

Yol təhlükəsizliyi ortaq məsuliyyətdir

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin hadisə ilə bağlı piyadalara müraciəti də məhz bu baxımdan əhəmiyyətlidir. Mərkəz piyadaları tələsməməyə, yolun hərəkət hissəsindən keçməməyə və nəzərdə tutulmuş keçidlərdən istifadə etməyə çağırıb. Lakin maarifləndirmə yalnız hadisədən sonra edilən çağırışlarla məhdudlaşmamalıdır. Bu istiqamətdə davamlı iş aparılmalı, təhlükəli davranışların qarşısının alınması üçün profilaktik tədbirlər genişləndirilməlidir. Eyni zamanda, yol infrastrukturu da mütəmadi qiymətləndirilməli, piyada keçidlərinin əlçatanlığı, işıqlandırılması, nişanlanması və təhlükəsizliyi təmin olunmalıdır. Yeraltı və yerüstü keçidlərin mövcudluğu ilə yanaşı, insanların onlardan rahat və təhlükəsiz istifadə edə bilməsi də vacibdir.

Bir neçə dəqiqəyə qənaət etmək həyat bahasına başa gəlməsin

Bu faciə hər birimiz üçün ciddi xəbərdarlıq olmalıdır. Yol hərəkətində ən kiçik ehtiyatsızlıq belə geri dönüşü olmayan nəticələrə səbəb ola bilər. Piyada bir neçə dəqiqə tez çatmaq istəyərkən həyatını itirə, sürücü isə bir anın içində ağır mənəvi sarsıntı ilə üzləşə bilər. Ona görə də yol təhlükəsizliyinə yalnız polis nəzarəti və cərimələr məsələsi kimi baxmaq olmaz. Əsas məqsəd cəmiyyətdə təhlükəsiz davranış vərdişləri formalaşdırmaqdır. Piyadalar keçidlərdən istifadə etməli, sürücülər diqqətli və məsuliyyətli olmalı, aidiyyəti qurumlar isə maarifləndirmə və profilaktik tədbirləri gücləndirməlidir.

Unutmayaq: Yolda hər kəsin həyatı dəyərlidir. Bir anlıq tələskənlik bir insanın həyatına son qoya, başqa bir insanın isə bütün həyatını dəyişə bilər. Yol hərəkəti qaydalarına əməl edək ki, nə piyadanın ailəsi, nə də sürücü ömrü boyu daşıyacağı ağır bir peşmanlıqla üzləşsin.

Aysel İsgəndərova

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR