Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 22-ci sanksiyalar paketini hazırlayır. Yeni məhdudlaşdırıcı tədbirlərin noyabrın 26-27-də keçiriləcək Avropa Şurasının növbəti iclasından əvvəl təqdim olunması nəzərdə tutulur.
VOİCEPRESS xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen noyabrın 12-də Dublində keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Avropa Komissiyası yeni sanksiyalar paketi ilə yanaşı, Ukraynanın 2027-ci il üzrə maliyyə ehtiyaclarının qarşılanmasına dair təklif də hazırlayır. Hər iki sənəd növbəti Avropa Şurasının iclasından əvvəl təqdim ediləcək.
Fon der Lyayen Ukrayna və Rusiya arasında Əbu-Dabidə keçirilən danışıqları müsbət qiymətləndirib və Avropa İttifaqının sülh prosesində iştirakını davam etdirəcəyini vurğulayıb.
Avropa Komissiyasının rəhbəri bildirib ki, Aİ Ukraynaya həm müharibə dövründə, həm də sülh şəraitində dəstək göstərməyə davam edəcək. Onun fikrincə, Ukrayna danışıqlara güclü mövqedən qoşulmalıdır və Rusiya sülhə real niyyətlə yanaşmağa təşviq edilməlidir.
Reuters-in məlumatına görə, hazırlanmaqda olan 22-ci sanksiyalar paketinin bank sektorunu, kriptovalyutaları və kriptoplatformaları əhatə edə biləcəyi, həmçinin üçüncü ölkələr vasitəsilə mövcud məhdudiyyətlərdən yayınma imkanlarının qarşısının alınmasına yönələcəyi gözlənilir.
Bundan əlavə, Rusiya və Belarus idmançılarının Avropa İttifaqında keçirilən beynəlxalq yarışlarda iştirakına məhdudiyyət qoyulması məsələsi də müzakirə olunan variantlar arasındadır. Lakin bu tədbirlərin yekun paketə daxil edilib-edilməyəcəyi hələ məlum deyil.
Qeyd edək ki, yeni sanksiyalar paketi Avropa İttifaqının Rusiyaya qarşı hazırladığı 22-ci məhdudlaşdırıcı tədbirlər toplusu olacaq. Paketin təqdim edilməsindən sonra onun təsdiqi ilə bağlı müzakirələr Aİ üzv dövlətləri səviyyəsində aparılacaq.
VOİCEPRESS