Almaniyanın avtomobil istehsalçısı BMW ABŞ-da 720 796 avtomobili mümkün yanğın təhlükəsi səbəbindən geri çağırır.
VOİCEPRESS xəbər verir ki, bu barədə ABŞ-ın Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyasının (NHTSA) məlumatında bildirilib. Məlumata görə, problem avtomobillərin su nasosunun elektrik birləşdiricisindəki nasazlıqla bağlıdır. Birləşdiricinin lazımi qaydada möhürlənməməsi nəticəsində içəriyə su daxil ola, qısaqapanma baş verə və avtomobildə yanğın riski yarana bilər. Diqqətçəkən məqam ondan ibarətdir ki, sözügedən avtomobillər 2024-cü ildə də eyni problemə görə geri çağırılıb. Lakin əvvəlki təmir tədbirlərindən sonra da nasazlıqla bağlı yeni hallar aşkar edildiyindən avtomobillərin yenidən yoxlanılması və təmir edilməsi tələb olunur. BMW-nin məlumatına əsasən, ABŞ-da bu nasazlıqla əlaqəli və ya əlaqəli ola biləcək təxminən 10 yanğın hadisəsi qeydə alınıb. Bununla belə, şirkət sözügedən problemlə bağlı qəza və xəsarət halları barədə məlumatlı olmadığını bildirib. Geri çağırılma 2012–2018-ci model illərinə aid bir sıra BMW avtomobillərini əhatə edir. Bunlara 3 Series, 5 Series, X1, X3, X4, X5 xDrive40e, Z4, eləcə də bəzi 2 Series və 4 Series modelləri daxildir. NHTSA avtomobil sahiblərinə nasazlıq aradan qaldırılanadək nəqliyyat vasitələrini binalardan və digər avtomobillərdən uzaqda, açıq ərazidə saxlamağı tövsiyə edib.
Qeyd edək ki, BMW diler mərkəzlərində təmir işləri pulsuz həyata keçiriləcək. Yeni təmir həlli üzərində işlər davam edir. Avtomobil sahiblərinə rəsmi bildirişlərin 2026-cı il dekabrın 25-dən göndərilməsi nəzərdə tutulur.
VOİCEPRESS