Sertifikasiya imtahanlarının nəticələrinə əsasən əmək fəaliyyətinə xitam verilən müəllimlərin böyük hissəsini ibtidai sinif müəllimləri təşkil edib.
VOİCEPRESS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Peşə Təhsili Forumu çərçivəsində təşkil olunan “Dəyişən iqtisadiyyat, dəyişən bacarıqlar: Gələcəyin insan kapitalının yetişdirilməsi” mövzusunda panel sessiyada çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, bu məsələnin məqsədi ayrı-ayrı müəllimlərin nüfuzuna xələl gətirmək, onların peşəkarlığını və bacarıqlarını kiçiltmək deyil. Onun sözlərinə görə, mövcud vəziyyətin əsas səbəblərindən biri ibtidai təhsil pilləsində çalışan müəllimlərin əhəmiyyətli hissəsinin orta ixtisas təhsilli olmasıdır. Emin Əmrullayev bildirib ki, bu vəziyyət uzun illər ərzində ölkədə müəllim çatışmazlığı ilə əlaqədar formalaşıb. Həmin dövrdə təhsil müəssisələrində kadr ehtiyacını qarşılamaq üçün orta ixtisas təhsilli müəllimlərin də fəaliyyətindən istifadə olunub.
Nazir vurğulayıb ki, hazırda bu istiqamətdə yanaşma dəyişib və ibtidai, eləcə də məktəbəqədər təhsil səviyyəsində tədrisin ali təhsilli müəllimlər tərəfindən həyata keçirilməsi nəzərdə tutulur. Onun sözlərinə görə, təhsil sahəsində həyata keçirilən bu dəyişikliklərin əsas məqsədi müəllimlərin peşə hazırlığının yüksəldilməsi, tədrisin keyfiyyətinin artırılması və gələcəkdə daha savadlı kadrların yetişdirilməsidir. Emin Əmrullayev əlavə edib ki, yeni yanaşmanın nəticələrinin uzunmüddətli perspektivdə təhsil sisteminə müsbət təsir göstərəcəyinə inanırlar.
İbtidai sinif müəllimlərinin təhsil səviyyəsi və peşə hazırlığı mühüm məsələdir. Çünki uşaqların təməl bilikləri məhz ibtidai siniflərdə formalaşır. Lakin müəllimin peşəkarlığını yalnız diplomu və ya sertifikasiya imtahanının nəticəsi ilə ölçmək düzgün olmaz. İllərlə məktəbdə çalışmış, böyük təcrübə qazanmış müəllimlərin əməyini və praktiki biliklərini də nəzərə almaq lazımdır. Təhsilin keyfiyyətini yüksəltmək vacibdir, amma bu proses müəllimlərin hüquqları və zəhməti qorunmaqla həyata keçirilməlidir.
Aysel İsgəndərva
VOİCEPRESS